ABŞ konqresmenlərinin bu günlərdə Ukrayna, Azərbaycan və Ermənistana səfəri çərçivəsində Rusiya-Ukrayna böhranı, energetika və İran məsələləri əsas müzakirə mövzusu olacaq. Bu barədə Amerika KİV-ləri məlumat verir.
Qeyd edilir ki, İranla qonşuluqda yerləşən və böyük enerji ehtiyatları istehsalçısı olan Azərbaycanda regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.
“ABŞ-ın Azərbaycanda energetika və təhlükəsizlik məsələləri sahəsində böyük maraqları var”,- deyə nümayəndə heyətinin rəhbəri Ed Roys bildirib.
Ukraynaya səfərlə bağlı isə qeyd olunur ki, amerikalı konqresmenlər prezidentliyə əsas namizədlərlə görüşlərdə Ukraynanın enerji təchizatının diversifikasiyası məslələrini müzakirə etməyi planlaşdırırlar.
“Ukrayna böhrandadır və ABŞ bu ölkənin hökumətinin Rusiya təcavüzünə qarşı mübarizəsini gücləndirmək üçün səylərini əsirgəməməlidir”,- deyə ABŞ KİV-ləri Ed Roysa istinadən yazır.