İran avtobusda baş vermiş yanğın zamanı xəsarət almış zəvvarların vətənə qayıtmasını təmin edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentiyinə İranın Bakıdakı səfiri Möhsün Pakayin məlumat verib.
İraqın Kərbəla şəhərindən dönən ziyarətçiləri daşıyan avtobus aprelin 13-də gecə İran ərazisində yanıb. İnsident nəticəsində 41 nəfər xəsarət alıb. Onlardan dördünün vəziyyəti ağır olduğuna görə Ərdəbil şəhərində xəstəxanaya yerləşdiriliblər.
Səfirin sözlərinə görə, hadisə zamanı 9 zəvvarın sənədləri yandığı üçün onlar İran ərazisində qalmağa məcbur olublar.
“İranın Azərbaycandakı səfirliyi ölkənin müvafiq qurumları, o cümlədən “Qırmızı hilal” təşkilatı ilə birlikdə Azərbaycan vətəndaşlarının İran ərazisində müvəqqəti qalması üçün lazımi şərait yaradıb”, - deyə o qeyd edib.
Hazırda onlar sərhədi keçmək üçün Azərbaycanın müvafiq qurumları tərəfindən zəruri sənədlərin təqdim edilməsini gözləyirlər.
“Sənədlər yəqin ki, Azərbaycanın Təbrizdəki Baş Konsulluğu tərəfindən veriləcək”, - deyə iranlı diplomat bildirib.