SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Rumıniyada SOCAR brendi ilə növbəti yanacaqdoldurma məntəqəsini istifadəyə verib. Bu barədə şirkətin Rumıniya nümayəndəliyinin məlumatında bildirilir.
Yeni yanacaqdoldurma məntəqəsi Bakau şəhərində açılıb. YDM-də Euro Dizel 95, Super Euro Dizel 98, Benzin 95 və 98 tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək. Bu, SOCAR brendi ilə fəaliyyət göstərən sayca 2-ci belə obyektdir. Birinci məntəqə 2014-cü ilin fevralında açılıb. Bakau şəhərində açılmış məntəqəyə qoyulan investisiyaların ümumi həcmi 950 min avro təşkil edib.
Beləliklə, Rumıniyada SOCAR-ın yanacaqdoldurma məntəqələrinin sayı 28-ə çatıb. 2014-cü ilin əvvəlindən şirkət Rumıniyada 9 YDM istifadəyə verib.
SOCAR 2011-ci ildə “Romtranspetrol” şirkətinin səhmlərinin 90%-ni əldə etdikdən sonra Rumıniyanın neft məhsullarının pərakəndə ticarəti bazarına daxil olub. Nəticədə “SOCAR Petroleum SA” Azərbaycan-Rumıniya birgə müəssisəsi yaradılıb. Hazırda SOCAR “SOCAR Petroleum SA-nın” yeganə səhmdarıdır. Şirkətin Rumıniya iqtisadiyyatına investisiya qoyuluşları 50 mln. avronu ötüb.