"SOCAR Energy Ukraine" MMC (Azərbaycan Dövlət Neft Şirkətinin – ARDNŞ-in törəmə müəssisəsi) Ukraynada iki yanacaqdoldurma məntəqəsini istifadəyə verib. Bu barədə “SOCAR Energy Ukraine” şirkətinin məlumatında bildirilir.
“SOCAR şirkətin əvvəllər təmsil olunmadığı Ukrayna vilayətlərində yanacaqdoldurma kompleksləri açmaqla bu ölkənin yanacaqdoldurma məntəqələri bazarında mövqeyini gücləndirir. Xmelnitski vilayətinin Kamenets-Podolski və Poltava vilayətinin Kremençuq şəhərlərində SOCAR brendi ilə iki yanacaqdoldurma məntəqəsi açılıb”, - deyə məlumatda qeyd edilir.
YDM-lərdə Polşa, Litva və Belarusun aparıcı emal zavodlarında istehsal olunmuş, Avro-4 və Avro-5 standartlarına cavab verən neft məhsulları reallaşdırılır. Assortimentə A-92, A-95, A-95 TM “Nano” benzinləri, TM “Nano” dizel yanacağı daxildir.
İki yeni yanacaqdoldurma məntəqəsi də nəzərə alınmaqla hazırda Ukraynanın Kiyev, Odessa, Lvov, Nikolayevsk, Rovensk, Çerkassk, Xmelnitski və Poltava vilayətlərində SOCAR brendi ilə 37 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.
“SOCAR Energy Ukraine” 2008-ci ildə Ukraynada fəaliyyətə başlayıb. 2009-cu ilin əvvəlində Ukraynanın pərakəndə yanacaq bazarı ətraflı şəkildə öyrənildikdən sonra “SOCAR Energy Ukraine” bu ölkədə yanacaqdoldurma şəbəkələrinin yaradılması və inkişaf etdirilməsinə qərar verib.
SOCAR 2009-2013-cü illərdə Ukraynada biznesin inkişafına $160 mln.-dan artıq sərmayə yatırıb.