Azərbaycanda dispanserizasiya daimi proses olmalıdır. Bu barədə prezident İlham Əliyev bazar günü Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bəyan edib.
“Biz bu ilin birinci rübünün cəmi iki ayı ərzində Azərbaycanda böyük bir sosial təşəbbüsün icrasını müşahidə edirik. Əhalinin dispanserizasiya proqramı icra edilir. Bu, sırf sosial məna daşıyan bir layihədir. Bu layihənin icra edilməsi üçün əlbəttə ki, ilkin şərtlər olmalı idi. O da ondan ibarətdir ki, müasir avadanlıq, müasir tibb mərkəzləri olmalıdır ki, bunları da biz son illər ərzində bütün ölkə üzrə yaratmışıq”, - deyə prezident qeyd edib.
“Belə olan halda ən müasir avadanlıqdan istifadə edərək müayinədən keçmək üçün ölkəmizin hər bir yerində imkan var. Qısa müddət ərzində - cəmi iki ayda dörd milyon insan bu müayinədən keçib. Hesab edirəm ki, bu təşəbbüs hər il göstərilməlidir və bu, daimi proses olmalıdır”, - deyə dövlət başçısı vurğulayıb.
“Mən son illərdə, müxtəlif bölgələrdə yeni xəstəxanaların açılışlarında, görüşlər əsnasında bir fikri dəfələrlə vurğulamışam ki, hər bir insan ildə bir dəfə müayinədən keçməlidir. Şadam ki, artıq vətəndaşlar da buna müsbət reaksiya verirlər, çünki bu, ilk növbədə onlar üçün lazımdır, hər bir insan üçün lazımdır”, - deyə İ.Əliyev əlavə edib
“Bu gün Azərbaycanda müasir tibbi avadanlıqlar var ki, istənilən müayinəni aparmaq mümkündür. Yəni, hesab edirəm ki, bu, sosial siyasətimizin tərkib hissəsi olan çox önəmli bir təşəbbüsdür. Şadam ki, bunu biz icra edə bilirik”, - deyə dövlət başçısı söyləyib.