2014-cü ildə 20 mindən çox köçkün yeni mənzillərə köçürüləcək. Bu barədə prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bəyan edib.
“Bu il məcburi köçkünləri evlərlə təminetmə proqramı davam etdiriləcək. Keçən il 20 mindən çox köçkün yeni evlərə, mənzillərə köçüb. Bu il də ən azı 20 min köçkün köçəcək”, - deyə dövlət başçısı bildirib.
“Bu proqram icra edilir, davam etdirilir. Burada heç bir yubanma, ləngimə ola bilməz. Maliyyə problemi də ola bilməz. Ona görə burada hər şey qrafik üzrə gedir”, - deyə prezident qeyd edib.
Onun sözlərinə görə, ölkədə Qarabağ müharibəsi veteranlarının və əlillərin problemləri həll edilir. “Bir müddət bundan əvvəl imzaladığım sərəncam əsasında bu kateqoriyadan olan 80 min insanın sosial təminatı yaxşılaşdırılıb. Bu proses davam etdiriləcək. Müharibə veteranları, müharibə əlilləri, şəhid ailələri üçün daha da yaxşı şərait yaradılacaq.
“Bilirsiniz ki, evlər tikilib, mənzillər paylanır, əlillər üçün minik maşınları nəzərdə tutulub. Ümid edirəm ki, bu il növbədə dayanan müharibə əlilləri və şəhid ailələri minik maşınları ilə tam şəkildə təmin ediləcəklər”, - deyə o vurğulayıb.
“Bu göstəriş verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu işlərlə məşğuldur. Dövlət investisiya xərclərində də bu məsələ nəzərə alınmalıdır”, - deyə İ.Əliyev əlavə edib.