Yaz-yay mövsümünün başlaması ilə əlaqədar Oğuz rayonunda stansiya və yarımstansiyalarda təmir-bərpa işlərinə start verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
Stansiya və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri rayonda əhalinin elektrik enerjisi ilə fasiləsiz təminatında problemlərin aradan qaldırılmasına yönəlib.
Hazırda Oğuz Elektrik Şəbəkəsinin 35-10 kilovoltluq yarımstansiyasında təmir-bərpa işləri aparılır. Bununla yanaşı, yarımstansiyadan çəkilmiş Qumlax, Bayan və Şəhər hava xətlərində yeniliklər edilib. Beləliklə, 10 kilovoltluq Qumlax hava xəttinin 1,8 km, 10 kilovoltluq Şəhər hava xəttinin 1,7 km və 10 kilovoltluq Bayan hava xəttinin 1,2 km-lik hissəsində ağac dayaqlar dəyişdirilərək beton və dəmir dirəklərlə əvəz olunub.
Bundan başqa, çəkilmiş xətlərdə AS25 markalı məftillər dəyişdirilərək AS30 və AS50 markalı məftillərlə əvəz olunub. Hazırda şəhərdə küçə işıqlandırılmasının bərpa və təmir işləri aparılır. Qısa vaxt ərzində bu işlərin başa çatdırılması nəzərdə tutulub.