Azərbaycan I Avropa Olimpiya Oyunlarını Olimpiya Oyunları səviyyəsində keçirməyə hazırdır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı belə deyib.
“Nəhayət, biz artıq bu il birinci Avropa Oyunlarına hazırlığın həlledici mərhələsinə qədəm qoyuruq”,- deyə o bildirib.
Prezidentin sözlərinə görə, bütün işlər cədvəl üzrə gedir. “Bu yaxınlarda Avropa Olimpiya Komitəsinin prezidenti və Koordinasiya Komitəsi Bakıda idilər. Bakıda hazırlıqla bağlı gedən işlərə çox yüksək qiymət verdilər. Bütün idman obyektlərində tikinti işləri gedir. Olimpiya Stadionu, Su İdmanı Sarayı, Gimnastika Arenası, Atıcılıq Mərkəzi tikilir, digər obyektlərdə təmir işləri aparılır, yollar çəkilir”,- deyə dövlət başçısı qeyd edib.
O qeyd edib ki, idmançılar üçün Olimpiya Şəhərciyi demək olar ki, hazırdır.
“Bir daha demək istəyirəm ki, biz bu Oyunları Olimpiya Oyunları səviyyəsində keçirmək istəyirik. Bəziləri bilmirlər ki, bu Oyunlar həm idman növlərinin və həm də idmançıların sayına görə Olimpiya İdman Oyunlarına çox yaxındır. Hazırlıq və tikinti baxımından Qış Olimpiya Oyunlarından daha böyükdür. Bizdə gələn il yarışacaq idmançıların sayı Qış Olimpiya Oyunlarında idmançıların sayından 2 dəfə çoxdur”, - deyə prezident vurğulayıb.
“Ona görə bu, böyük bir sınaqdır, böyük bir çağırışdır. Nəzərə alsaq ki, Yay Olimpiya Oyunlarına hazırlıq müddəti 7 ildir, bizdə isə cəmi 2 il yarımdır. Ancaq biz güclü dövlətik, bizdə bütün işlər düzgün təşkil olunur və həll edilir. Güclü siyasi iradə, texniki imkanlarımız var, səfərbərlik təmin edilib. Yəni, bu Oyunları biz elə keçirəcəyik ki, bu, gələcək Olimpiya Oyunları üçün də nümunə olsun. Azərbaycan özünü dünyaya yenidən müasir, dinamik inkişaf edən, güclü dövlət kimi təqdim edəcək”, - deyə dövlət başçısı bildirib.