Azərbaycanda şagirdlərin təlim şəraiti kifayət qədər yaxşılaşıb. Bu barədə təhsil naziri Mikayıl Cabbarov bazar günü Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bəyan edib.
“Son 10 il ərzində təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində böyük işlər görülüb, 2,7 mindən çox yeni məktəb tikilib, 1 mln.-dan artıq şagirdin təlim şəraiti yaxşılaşıb”, - deyə M.Cabbarov bildirib.
Onun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən ötən il 177 təhsil obyektində cari təmir işləri aparılıb, 370 fizika, kimya və biologiya laboratoriyaları müasir avadanlıqla təchiz olunub, 104 əmək kabineti üçün tam avadanlıq dəsti və elementlər alınıb.
“Əgər 2003-cü ildə hər 1,063 min şagirdə bir kompyuter düşürdüsə, o zaman bu gün hər 18 şagirdə bir kompüter nisbəti təmin olunub, məktəblərin 39%-i internet şəbəkəsinə qoşulub”, - deyə M.Cabbarov bildirib.
Məktəbəqədər təhsilin inkişafına toxunan nazir dövlətlə yanaşı, özəl sektorun iştirakının artırılmasının vacibliyini qeyd edib.
O, həmçinin deyib ki, məktəbəqədər təhsil müəssisələrinin 10 il müddətinə mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azad edilməsi özəl sektorun iştirakının stimullaşdırılması yolu ilə məktəbəqədər təhsil ilə əhatə faizini artırmağa imkan yaradır.
“Ötən dərs ilində 90 mindən çox məzunun hamısı attestat alıb. 3286 vakant yer müsabiqəyə çıxarılıb, imtahanlarda 15,030 min nəfər iştirak edib, onlardan 1,281 nəfər işə qəbul olunub”, - deyə nazir qeyd edib.
M.Cabbarov bildirib ki, vakant yerlərin sayı artsa da, keçid balı aşağı salınmayıb, müəllimlərin peşəkarlığı əsas meyar kimi götürülüb.
“Bu imtahan, həmçinin müəllimlərin peşə hazırlığında olan boşluqları aşkarlayıb. İndi müəllim hazırlığı sistemində paradoksal vəziyyət yaranıb. Təkcə ali təhsil müəssisələrinin hazırladıqları pedaqoji kadrların sayı real tələbatı təxminən iki dəfə üstələyir”, - deyə nazir qeyd edib.
Nazir təəssüf hissi ilə qeyd edib ki, sistemin daxilində qanunazidd işə qəbul edilən xeyli sayda insan var. “Bu problemin həlli üçün biz həm inzibati tədbirlər görürük, həm də peşə standartları üzərində işləyirik”, - deyə o vurğulayıb.
“Bu gün müəllimlərin peşəkarlıq səviyyəsinin könüllü əsaslarla yoxlanılması həyata keçirilir. Keçiriləcək attestasiya nəticəsində uğur əldə edən müəllimlərə aldıqları dərəcələrə görə diferensiallaşdırılmış əməkhaqqının verilməsi nəzərdə tutulur”, - deyə nazir qeyd edib.
M.Cabbarov, həmçinin bildirib ki, kənd məktəblərinə göndərilən müəllimlər üçün həvəsləndirmə tədbirləri keçirilir. “Əgər 2012-ci ildə bu tədbirlər 800 yerə tətbiq olunurdusa, 2013-cü ildə həmin yerlərin sayı 2500-ə çatdırılıb”, - deyə o əlavə edib.