Təhsil müəssisələrində korrupsiya faktları ilə bağlı nazirliyə daxil olan müraciətlərin sayı bir neçə dəfə azalıb. Bu barədə təhsil naziri Mikayıl Cabbarov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.
“Ciddi nöqsanlara yol vermiş 15 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib, 21 şəxs barəsində digər intizam tənbehi görülüb. İki hal üzrə toplanmış materiallar araşdırılmaq üçün hüquq-mühafizə orqanlarına göndərilib”, - deyə nazir bildirib.
“Görülmüş tədbirlər nəticəsində bu il dərslik yazan müəlliflərin sayı xeyli artıb. Gözləyirik ki, bu artım dərsliklərin keyfiyyətinə də öz təsirini göstərəcək”, - deyə o qeyd edib.
“Məktəb direktorlarının və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan şəxslər yalnız müsabiqə yolu ilə seçiləcək və peşə təlimlərinə cəlb olunacaq”, - deyə nazir yeniliklərin tətbiq olunması mövzusuna toxunaraq bildirib.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsilinə dair Dövlət Proqramı çərçivəsində indiyədək 2612 azərbaycanlı gənc Dövlət Neft Fondu hesabına maliyyələşdirilməklə dünyanın tanınmış universitetlərində ali təhsil almağa göndərilib. Bu gün Proqramın məzunu olmuş 634 nəfərin bir qismi müxtəlif dövlət qurumlarında, ali təhsil müəssisələrində və özəl sektorda məsul vəzifələrdə çalışır, bir qismi isə təhsillərini növbəti səviyyədə uğurla davam etdirirlər. Eyni zamanda xarici universitetlərdə dərs deyən azərbaycanlı professorların vətənə qayıtmasını stimullaşdırmaq üçün hazırlıq işi aparılacaq. Bununla bağlı xaricdə çalışan elmi-pedaqoji kadrlarımız haqqında məlumat bazasının yaradılmasına başlanb”,- deyə M.Cabbarov əlavə edib.
Nazir, həmçinin deyib ki, ali məktəblərin nizamnamələri yenidən işlənməli, rektorların və digər idarəetmə strukturlarının hesabat müddəti, məsələn, 5 ildən bir tərtib olunmalıdır. Bu, bir tərəfdən şəffaflığın təmin olunması baxımından irəli atılmış addım olacaq, digər tərəfdən onların fəaliyyətinin davam etdirilməsi üçün əsas kimi çıxış edəcək.