Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığındakı Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ATƏT-in növbəti monitorinqi insidentsiz başa çatıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq, qarşı tərəfdə isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçiriblər.
Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi 1994-cü ilin may ayından qüvvədədir. ATƏT münaqişə tərəflərinin barışıq şərtlərini yerinə yetirməsi haqqında məlumat əldə etmək üçün bu təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin köməyi ilə qoşunların təmas xəttində mütəmadi olaraq monitorinqlər təşkil edir.