Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) 2014-cü ilin I rübündə səhmdar cəmiyyətlərinə 94,5 min manat məbləğində cərimə sanksiyası tətbiq edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 7,8 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə QKDK-dan məlumat verilib.
2014-cü ilin yanvar-mart aylarında QKDK-ya 260 səhmdar cəmiyyətində səhmdarların hüquqlarının pozulması barədə 90 şikayət daxil olub. Onların sayı 2013-cü ilin analoji dövrü ilə müqayisədə 4%, barələrində şikayət daxil olmuş səhmdar cəmiyyətlərinin sayı 22% azalıb.
Şikayətlər araşdırıldıqdan sonra QKDK 57 halda səhmdar cəmiyyətlərinə ümumilikdə 94,5 min manat məbləğində cərimə tətbiq edilməsinə dair qərar qəbul edib. 2013-cü ilin yanvar-mart aylarında isə 12,05 min manat məbləğində 60 cərimə tətbiq edilib.
Bundan başqa, 2014-cü ilin yanvar-mart aylarında QKDK səhmdar cəmiyyətlərinə aşkar edilmiş nöqsanların aradan qaldırılması barədə icrası məcburi olan 7 göstəriş (azalma 42%) verib.