Tehran Azərbaycanla hərbi əməkdaşlığın möhkəmləndirilməsinə tam hazırdır. Bu barədə İranın birinci vitse-prezidenti İshaq Cahangiri çərşənbə axşamı İranda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşü zamanı bəyan edib.
İranın rəsmi mətbuatının məlumatına əsasən, Tehran qonşuluğunda güclü Azərbaycan görmək istəyir. İ.Cahangiri bildirib ki, İran xarici siyasətində qonşularla münasibətlərinin genişlənməsinə böyük önəm verir və onların arasında Azərbaycan xüsusi yer tutur.
İki ölkə arasında ticarət dövriyyəsinin mövcud potensiala uyğun olmadığını qeyd edən İ.Cahangiri deyib ki, hər iki tərəf maneələri müəyyən edərək aradan qaldırmalı və ticarət əlaqələrinin genişləndirilməsi üçün zəruri tədbirlər görməlidir.
Z.Həsənov, öz növbəsində məlumat verib ki, iranlı həmkarı ilə müsbət və konstruktiv danışıqlar aparıb. O, müdafiə sahəsində Azərbaycan-İran əməkdaşlığı üçün geniş imkanların olduğunu qeyd edib. Nazir vurğulayıb ki, hər iki ölkənin regional və qlobal məsələlərə dair fikirləri üst-üstə düşür.
Z.Həsənov Tehrana səfərinin Azərbaycan və İran arasında ikitərəfli münasibətlərin yenilənməsinə imkan yaradacağına ümid etdiyini bildirib.