Azərbaycan ərazisində fəaliyyət göstərən mehmanxanalar və mehmanxana tipli obyektlər 2013-cü ildə 171,3 mln. manat gəlir əldə edib ki, bu da 2012-ci ilin göstəricisindən 23,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
1 yanvar 2014-cü il tarixinə olan vəziyyətə görə, Azərbaycanda 530 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Onların 5,1%-i dövlət, 94,9%-i özəldir.
Respublikanın mehmanxana və otellərində nömrələrin sayı 16,56 min təşkil edir, burada eyni zamanda 33,95 min nəfər yerləşdirilə bilər.
2013-cü ildə mehmanxana və mehmanxana tipli obyektlərin gəlirlərinin 64,7%-i nömrələrin satışı, 23,4%-i otellərdə qida məhsullarının satışı, qalan gəlirlər isə müalicə-sağlamlıq və digər pullu xidmətlərin göstərilməsindən əldə edilib.
Ötən il mehmanxana və mehmanxana tipli obyektlərin xərcləri 31,4% - 145,5 mln. manatadək artıb.
Hesabat ilində mehmanxanalarda 666,3 min turist yerləşdirilib (artım 6,3%). Bununla yanaşı, mehmanxanalarda yerləşdirilən turistlərin 59,3%-ni xarici vətəndaşlar təşkil edib. Turistlərin 65,4%-i Bakı mehmanxanalarında, qalanları isə regionlardakı mehmanxanalarda yerləşdirilib.