Bakıda Kosmonavtika Gününə həsr olunmuş “Kosmik Olimpiada” keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən (RİMM) məlumat verilib.
Olimpiada Rusiyanın Azərbaycandakı səfirliyi, “Rossotrudniçestvo” təşkilatının Azərbaycan nümayəndəliyi, RİMM nəzdində fəaliyyət göstərən “Sozvezdiye” yaradıcılıq klubu, Azərbaycan Rus İcması, Rus Mədəniyyət Mərkəzi, Azərbaycan Rusdilli Təhsil
Müəssisələri Assosiasiyası və Azərbaycan Rus Gəncləri Assosiasiyası tərəfindən təşkil olunub.
Olimpiadada 100-dən çox yeniyetmə və gənc rəssamın kosmik mövzuda işləri münsiflər tərəfindən qiymətləndirilib.
Olimpiada başa çatdıqdan sonra Rus Mədəniyyət Mərkəzində qaliblərin təntənəli mükafatlandırma mərasimi keçirilib. 15 ən yaxşı iş seçilib.
RİMM nəzdində Uşaq Yaradıcılıq Mərkəzinin nümayəndələri Emil İmanov “Qağayı, Rüstəm Qarevski “Biz torpağımız üçün cavabdehik” və Valeri Bekrin “İnsan və planetlər” adlı işləri ilə qalib olublar.
Milli Məclisin deputatı, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin “Kosmik Olimpiada” iştirakçılarını və qonaqları salamlayaraq təbrik edib.
Daha sonra o, Rus Mədəniyyət Mərkəzinin direktoru Qalina Manafova ilə birlikdə qaliblərə diplom və xatirə hədiyyələri təqdim edib.