2014-cü ilin I rübündə Azərbaycanda sığorta şirkətlərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə ümumi haqları 9 mln. 838 min 664,08 manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 14,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən məlumat verilib.
Azərbaycanda 3 sığorta şirkəti sığortanın bu növü üzrə xidmətlər göstərir.
2014-cü ilin mart ayında şirkətlər bu sığorta növü üzrə 4 mln. 427 min 758,85 manat sığorta haqqı əldə ediblər.
Xidmətin məlumatına görə, 2014-cü ilin yanvar-mart aylarında sığortaçılar bu sığorta növü üzrə 505 min 623,89 manat məbləğində ödəniş ediblər (artım 77,7%).
Xəbər verildiyi kimi, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanun 2010-cu ilin iyul ayında təsdiq edilib. Həmin ilin dekabrında bu sığorta növü üzrə xidmətlərin göstərilməsi üçün normativ-hüquqi aktların təsdiq edilməsi prosesi başa çatıb.
Nazirlər Kabineti 2010-cu ilin noyabrında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərini təsdiqləyib. Nazirlər Kabinetinin qərarına əsasən, iqtisadi fəaliyyətin bütün növləri 14 risk səviyyəsinə ayrılıb. Riskin bu səviyyəsindən irəli gələrək qulluqçular və fəhlələr üçün sığorta tarifinin həcmi müəssisənin risk səviyyəsindən asılı olaraq 0,2%-dən 2%-ə qədər təşkil edir.
Qanuna əsasən, sığorta tarifi müəssisədə əmək haqqı fonduna hesablanır.
Qanunda üç növ sığorta ödənişi nəzərdə tutulur: aylıq, birdəfəlik və əlavə.