Azərbaycan Silahlı Qüvvələri Naxçıvan Muxtar Respublikası ərazisində genişmiqyaslı hərbi təlimlərə başlayıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə keçirilən təlimlərə Əlahiddə Ümumqoşun Ordusunun tərkibindəki hissə və bölmələrin şəxsi heyəti, aviasiya, hava hücumundan müdafiə sistemləri, raket və artilleriya qoşunlarının qüvvə və vasitələri, o cümlədən yeni, ən müasir standartlara uyğun zirehli texnika cəlb olunub.
Təlimlərin məqsədi Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən hərbi hissələrin döyüş hazırlığının səviyyəsinin yoxlanılması, döyüş texnikalarının, müasir silahların tətbiqi imkanlarının öyrənilməsidir.
Bundan başqa, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qərargahlar tərəfindən əməliyyatların hazırlanması, qarşılıqlı fəaliyyətin və təminatın təşkili, eyni zamanda döyüş əməliyyatlarının müxtəlif mərhələlərində qarşıya qoyulan tapşırıqların icra olunması səviyyəsinə xüsusi diqqət yetiriləcək. Hərbi təlimlər 2014-cü ilin döyüş hazırlığı planına uyğun olaraq keçirilir.