Azərbaycanın ilk milli telekommunikasiya peyki olan “Azərspace-1” üzərindən yayımlanan telekanalların sayı 66-ya çatıb. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytında məlumat verilir.
Məlumatda qeyd olunur ki, “Azərkosmos” ASC və Gürcüstanın “DTH” (Direct-to-Home, birbaşa peyk yayımı) operatoru kimi fəaliyyət göstərən “Iveriasat” şirkəti arasında bağlanan müqavilədən sonra bu ölkənin 18 televiziya kanalı “Azərspace-1” üzərindən yayımlanmağa başlayıb.
“Telekanallarla yanaşı, “Azerspace-1” vasitəsilə 13 radio da izləyicilərə təqdim olunur”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, “Azərspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında - İF) orbitə buraxılıb. 2010-cu ilin may ayında RİTN Amerikanın peyk istehsalı üzrə ixtisaslaşmış “Orbital Sciences Corporation” şirkəti ilə müqavilə imzalayıb. Azərbaycan, həmçinin Malayziyanın “MEASAT” şirkəti ilə də orbital mövqeyindən “Azərspace-1” rabitə peyki üçün istifadə etmək barədə müqavilə imzalayıb. Xərclərin 5-7 il ərzində çıxarılacağı, peykin istismar olunacağı sonrakı 15 il müddətində isə xalis mənfəət gətirəcəyi ehtimal olunur.
“Azərspace-1” layihəsinin ümumi dəyəri $233 mln. təşkil edir. Bu məbləğin $121,7 mln.-u peykin hazırlanmasına, $93,8 mln.-u peykin orbitə çıxarılmasına, $17,5 mln.-u isə peykin orbitə buraxılmasının sığortalanmasına, orbitdə birillik istismarına və digər sığorta xərclərinə sərf olunub. Peykin hazırlanmasına sərf olunan $121,7 mln. məbləğə təkcə peykin istehsalı deyil, zəruri yerüstü avadanlığın quraşdırılması, kadrların hazırlanması və digər xərclər də daxildir.
“Azərkosmos” ASC peykin istismarından $420 mln. xalis mənfəət əldə edilməsini gözləyir.