Çərşənbə günü Bakı Fond Birjası (BFB) Listinq Məsləhət Proqramı üzrə tərəfdaşlarla kollektiv saziş imzalayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri imzalanma mərasimindən məlumat verib.
Proqram üzrə tərəfdaşlar qismində "Invest-AZ", "Standard Capital", "Pasha Capital", "Chelsea Capital", "KPMG", Dentons, "Baker & McKenzie" şirkətləri çıxış edir.
Saziş bu şirkətlərə onların BFB-də listinqə daxil olması və peşəkar fəaliyyətlərinin digər istiqamətlərinə dair pulsuz məsləhət və tövsiyələrin verilməsini nəzərdə tutur.
Çərşənbə günü BFB və “GoldenPay” ASC arasında imzalanan anlaşma memorandumu da analoji məqsədlərə xidmət edir.
Həmin gün BFB Listinq Məsləhət Proqramının təqdimatını keçirib.
Xəbər verildiyi kimi, BFB 2009-cu il avqustun 3-dən "Bakı Fond Birjasında listinq, delistinq və qiymətli kağızların buraxılışı üzrə Qaydalar"ı tətbiq edib. Şərtlərə görə, BFB-də iki səviyyəli qiymətli kağızlarla kotirovka, eləcə də qeyri-kotirovka lisqtinqi həyata keçiriləcək. Hazırda “Bank Technique” və “DəmirBank”ın səhmləri birinci səviyyəli listinqə daxil edilib.
BFB-nin qiymətləndirmələrinə görə, Azərbaycanda 10-15 kommersiya strukturu listinqə hazırdır. Bunlar əsasən maliyyə sektorunda və qeyri-maliyyə sektorunda fəaliyyət göstərən şirkətlərdir.