ATƏT Ukraynada baş verən hadisələr fonunda Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması istiqamətində Minsk Qrupunun fəaliyyətində ciddi irəliləyişlərə nail olmaq niyyətindədir. Bu barədə çərşənbə günü jurnalistlərə ATƏT Parlament Assambleyasının (PA) prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç məlumat verib.
“Ukrayna ilə bağlı hadisələr göstərdi ki, biz Qarabağ münaqişəsinin həllində təcili nəticə əldə etməliyik. Bu gün biz ATƏT sədri ilə Minsk Qrupunun fəaliyyətində ciddi irəliləyişlərin əldə edilməsi məsələsi üzərində işləyirik”, - deyə o qeyd edib.
Diplomatın sözlərinə görə, ATƏT bu istiqamətdə ciddi nəticələr əldə etmək üçün səy göstərir.
ATƏT PA prezidenti jurnalistlərə bu günlərdə rusiyalı deputatlarla keçirdiyi görüşdə Ukrayna məsələsinin müzakirə olunduğu barədə məlumat verib.
“Mən ATƏT və digər beynəlxalq təşkilatların münaqişələrlə bağlı prinsipial mövqeyini ortaya qoyaraq məqsədimizin insanlar üçün normal həyat şəraitinin təmin edilməsi və dövlətlərin ərazi bütövlüyünün pozulmasının yolverilməz olduğunu bəyan etdim”, - deyə o qeyd edib.
R.Krivokapiçin sözlərinə görə, ATƏT-in Dağlıq Qarabağla bağlı mövqeyi stabil olaraq qalır.
“ATƏT-in Dağlıq Qarabağa dair mövqeyi 1996-cı ildə Lissabon sammitində qəbul edilmiş və yenilənmiş Madrid prinsiplərinə əsaslanır. Bu məsələ ilə əlaqədar BMT-nin qətnamələri və digər beynəlxalq təşkilatların prinsipləri də mövcuddur ki, ATƏT bunları izləyir və icrasına çalışır”,- deyə ATƏT PA prezidenti vurğulayıb.