Nyu-York Polis Departamenti şəhərdə islam icmasını izləməklə məşğul olan bölmənin işinin dayandırıldığını bildirib. Bu barədə “New York Times” qəzeti məlumat verir.
“Bu, polis və icmalar arasında gərginliyin azalması yönündə vacib addımdır və həm polislərimiz, həm də vətəndaşlarımız əsl cinayətkarların izlənilməsində bir-birinə kömək edə bilər”, - deyə Nyu-York meri Bill de Blizionun bəyanatında bildirilir.
Nyu-York polisinin nümayəndəsi Stiven Devis bu bölmədə fəaliyyət göstərən xəfiyyələrin digər bölmələrə keçirildiyini təsdiqləyib.
Sözügedən bölmə 2001-ci il sentyabrın 11-də ABŞ-da törədilmiş terror aktlarından sonra yaradılıb.
Bölmənin əməkdaşları Nyu-Yorkun islam icmasının gündəlik həyatı barədə məlumat toplayır.
Amerika KİV-lərinin bu bölmənin fəaliyyəti barədə yaydığı məlumatlardan sonra onun işinə xitam verilib. Amerika Konqresinin 34 üzvü Nyu-York polisinin fəaliyyətinin araşadırılmasını tələb edib.
Nyu-York polisinin yeni komissarı Uilyam Bratton vəzifə səlahiyyətlərinin icrasına başladıqdan sonra bildirib ki, hüquq mühafizə orqanları icmalarla birbaşa əlaqə qursalar, daha ətraflı informasiya toplaya bilərlər.