Azərbaycan Prezidentinin Administrasiyası 6 ay müddətində “Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsini hazırlayıb prezident İlham Əliyevə təqdim etməlidir.
Çərşənbə günü İ.Əliyev aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmanın mətni dövlət başçısının rəsmi saytında dərc olunub.
Qanun layihəsi kəndli fermer təsərrüfatlarının daha iri kənd təsərrüfatı müəssisələri formasında birləşmələrinin iqtisadi stimullaşdırılmasını nəzərdə tutmalıdır.
Fərmana əsasən, Prezident Administrasiyası, həmçinin istehlak bazarında qiymət sövdələşməsinin qarşısının alınması məqsədi ilə antikartel fəaliyyətini tənzimləyən normativ hüquqi aktların layihələrini hazırlayıb dövlət başçısına təqdim etməlidir. Bu cür sənədlərin qəbulu istehlak bazarında qiymət sövdələşmələrinin aradan qaldırılmasına yönəlib.
İqtisadiyyat və Sənaye Nazirliyinə Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə xarici investorların kənd təsərrüfatına cəlb edilməsi məqsədi ilə bu sahədə yaradılacaq aqrobiznes qurumlarının nizamnamə kapitalında "Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin iştirakını təmin etmək tapşırılıb.
Nazirlər Kabinetinə üç ay müddətində Kənd Təsərrüfatı Nazirliyinin yeni strukturu və işçilərinin say həddi barədə təkliflərini hazırlayıb prezidentə təqdim etmək, nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını təsdiq etmək tapşırılıb.
Nazirlər Kabineti üç ay müddətində "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin və rayon aqroservis filiallarının istifadəsində olan, cəmiyyət tərəfindən yeni alınan, lizinqə verilmiş və lizinq yolu ilə satılan texnikaya tətbiq edilə biləcək güzəştlərə, eləcə də mineral gübrələrin satışı üzrə dövlət tərəfindən tətbiq olunan güzəştin həcminin artırılmasına dair təkliflərini hazırlayıb təqdim etməlidir.
Bu dövrdə Nazirlər Kabineti "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanunda baytarlıq xidmətlərini həyata keçirən idarə və müəssisələrin özəlləşdirilməsinə yol verilməsi ilə bağlı müvafiq dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir.
Bundan başqa, Nazirlər Kabinetinə kənd təsərrüfatı sahəsində sığorta mexanizminin təkmilləşdirilməsinə və bu sahədə prosedurların sadələşdirilməsinə dair təkliflərini hazırlamaq, kənd təsərrüfatı təyinatlı torpaqların zəbt olunmasına və ya onlardan qanunsuz istifadə edilməsinə görə məsuliyyəti müəyyən edən qanun layihəsini hazırlayıb ölkə prezidentinə təqdim etmək tapşırılıb.