Ukraynada prezident seçkiləri günü Azərbaycanda olan Ukrayna vətəndaşları bu ölkənin Bakıdakı səfirliyinin binasında yerləşən seçki məntəqəsində səs verə biləcəklər. Bu barədə çərşənbə günü səfirlikdən məlumat verilib.
“Azərbaycan ərazisində daimi yaşayan və ya Ukraynada növbədənkənar prezident seçkiləri keçirilərkən müvəqqəti Azərbaycan ərazisində olan Ukrayna vətəndaşları özlərinin səsvermə hüququnu Ukraynanın Bakıdakı səfirliyi yanında yaradılmış 900003 nömrəli xarici seçki məntəqəsində (Bakı şəhəri, Yusif Vəzirov küçəsi, 49) reallaşdıra bilərlər”,- deyə səfirliyin məlumatında bildirilir.
Məlumata görə, Ukrayna hüdudlarından kənarda yaşayan və ya seçkilərə hazırlıq və seçkilər keçirilən dövrdə Ukrayna hüdudlarından kənarda olan Ukrayna vətəndaşları bu və ya digər xarici dövlətin ərazisində olmalarının hüquqi əsaslarından, eləcə də həmin dövlətin ərazisində akkreditə edilmiş diplomatik nümayəndəliyin və ya konsul müəssisəsinin konsul uçotuna götürülüb-götürülməməsindən asılı olmayaraq, səsvermə hüququnu ümumi əsaslarla reallaşdırırlar.
Ukraynanın Azərbaycandakı səfirliyi yanında yaradılmış xarici seçki məntəqəsində seçicilərin siyahısının hazırlanması məqsədi ilə nəzərdə tutulub ki, səsvermə hüququ əldə etmiş və Azərbaycan ərazisində yaşayan və ya səsvermə hüququ əldə edən zaman Azərbaycan ərazisində olan Ukrayna vətəndaşı qabaqcadan Seçicilərin Dövlət Reyestrinə daxil edilmə, seçki ünvanının dəyişməsi, konsul uçotuna durma və digər məsələləri nəzərdə tutan ərizəni diplomatik missiyaya təqdim edə bilər.
Ukraynanın seçki qanunvericiliyinə müvafiq olaraq səsvermə günü seçicinin adının seçici siyahısına daxil edilməsi mümkün deyil.
Ərizələr cari ilin may ayının 19-na qədər (ayın 19-u daxil olmaqla) verilə bilər.