Bakıda Azərbaycan və Xorvatiyanın Xarici İşlər nazirlikləri arasında konsulluq məsələlərinə dair məsləhətləşmələr keçirilib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Azərbaycan tərəfini Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Mehriban Nəcəfova, Xorvatiya tərəfini isə bu ölkənin Xarici İşlər və Avropa Məsələləri Nazirliyinin Konsulluq İdarəsinin rəisi Vinko Lyubiçiç təmsil ediblər.
Görüş zamanı ikitərəfli münasibətlərin uğurla davam etdirilməsi, konsulluq sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi üçün hazırkı məsləhətləşmələrin keçirilməsinin vacibliyi qeyd edilib.
Bundan başqa, tərəflər iki ölkə vətəndaşlarına viza rəsmiləşdirilməsi sahəsində çətinliklərin aradan qaldırılması, konsulluq əməliyyatlarının aparılması, miqrasiya proseslərinin tənzimlənməsi, o cümlədən qanunsuz miqrantların leqallaşdırılması və miqrantların yerli şəraitə uyğunlaşdırılması prosedurları, Xorvatiya Respublikası ilə Avropa İttifaqı arasında qeyri-qanuni yaşayan şəxslərin readmissiyası sahəsində təcrübəsinin öyrənilməsi, readmissiya sazişlərinin tətbiqi mexanizmləri barədə fikir mübadiləsi aparıblar.
Görüşdə gələcək əməkdaşlığın perspektivləri də müzakirə olunub.