Aprelin 27-də Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin VI Beynəlxalq toplantısı və I Baş Assambleyası keçiriləcək. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat verir.
Tədbirdə Mərkəzin gördüyü işlər haqqında hesabat dinləniləcək, həyata keçirilən layihələr, qarşıda duran vəzifələr, qurumun gələcək fəaliyyət istiqamətləri ilə bağlı müzakirələr aparılacaq.
Toplantıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri – Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və Madrid Klubunun vitse-prezidenti Vike Vayra-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin, Bolqarıstan, Serbiya, Rumıniya, Moldova, Qırğızıstan, İsrail və digər ölkələrin sabiq dövlət və hökumət başçıları iştirak edəcəklər.
Aprelin 28-29-da Bakıda II Qlobal Açıq Cəmiyyətlər Forumu keçiriləcək. Tədbir 2013-cü il mayın 6-8-də Bakıda keçirilmiş I Cənubi Qafqaz Forumunun davamıdır.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı, Dünya Elmlər və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində keçiriləcək forumda 57 ölkədən 200-ə yaxın tanınmış ictimai və siyasi xadimin iştirak edəcək.
2015-ci il və ondan sonrakı mərhələdə dünyanın davamlı inkişafı proqramına həsr olunan foruma 32 ölkənin sabiq dövlət və hökumət başçıları dəvət olunub.