İyunun 19-20-də Bakıda keçiriləcək V Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AIIF) Qafqaz regionunun sığorta bazarının investisya imkanları müzakirə olunacaq. Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) məlumat verilib.
Forum ASA-nın təşkilatçılığı ilə keçiriləcək.
“Forumda dünyanın, regionun və Azərbaycanın sığorta bazarında baş verən proseslər, sığorta sektorundakı tendensiyalar və əməkdaşlıq imkanları müzakirə ediləcək. Müzakirəyə çıxarılacaq əsas məsələlər aqrar sığorta, fəlakət risklərindən sığorta, təkrar sığorta, tibbi sığorta, o cümlədən icbari tibbi sığortanın tətbiqi, avtomobil sığortası üzrə zərərlərin tənzimlənməsi ilə bağlı olacaq. Tədbirdə 2013-14-cü illərdə Azərbaycanın sığorta bazarında vəziyyət də müzakirə olunacaq”, - deyə məlumatda ASA-nın sədri Orxan Bayramova istinadən bildirilir.
Bundan başqa, Qafqaz regionunda “Yaşıl kart” sisteminin tətbiqi məsələsi forum iştirakçılarının diqqət mərkəzində olacaq.
Forumda yerli və xarici sığorta bazarını təmsil edən 250-dən artıq şirkətin nümayəndələrinin iştirakı gözlənilir.
ASA 2006-cı ilin dekabr ayında yaradılıb. Onun yaradılmasında əsas məqsəd ölkənin sığorta bazarının inkişafının təmin edilməsi, sığorta bazarının problemləri və perspektivlərinin müzakirəsi zamanı sığorta şirkətlərinin vahid cəbhədən çıxış etməsidir.