2014-cü ilin I rübündə Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yük daşımalarının həcmi 49,2 mln. ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yük daşımalarının strukturunda 73,6% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 26,4% dövlət sektorunun payına düşüb.
Hesabat dövründə dəmir yolu ilə 4,8 mln. ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da 2013-ci ilin I rübünün göstəricisindən 12,7% azdır.
I rübdə dəniz nəqliyyatı ilə 2,4 mln. ton (azalma 25%) müxtəlif yük daşınıb. Bununla yanaşı, daşınmış yüklərin 61,2%-i neft və neft məhsullarının, 38,8%-i quru yüklərin payına düşüb.
2014-cü ilin birinci rübündə avtomobil nəqliyyatı ilə yük daşımalarının həcmi 26,1 mln. ton (artım 4%) təşkil edib.
Bu dövrdə daxili neft kəmərləri vasitəsilə 11,5 mln. ton neft (artım 7,6%) nəql olunub. Bununla yanaşı, nəqlin bütün həcminin 74,7%-i və ya 8,6 mln. ton Bakı-Tiflis-Ceyhan neft kəmərinin payına düşüb. DSK-nın məlumatına görə, cari ilin I rübündə BTC neft kəməri ilə 1,4 mln. ton Türkmənistan nefti nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.