Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) təşkilatın 80 illik yubileyinə həsr edilmiş “Türk xalqlarının musiqisi” mövzusunda elmi konfrans keçirilib. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Konfransı giriş sözü ilə ittifaqın sədri, xalq artisti, professor Firəngiz Əlizadə açıb. O, ABİ-nin gündəlik işində türk bəstəkarların yaradıcılığının mühüm yer tutduğunu qeyd edərək, bu mövzuya silsilə tədbirlərin, konsert və beynəlxalq festivalların həsr olunduğunu bildirib.
F.Əlizadə iştirakçılara konfransın proqramı barədə məlumat verib və məruzəçiləri təqdim edib.
Sonra məruzələr dinlənilib. Əməkdar incəsənət xadimi, fəlsəfə üzrə elmlər doktoru, professor Gülnaz Abdullazadə “Türk tədqiqatçılarının elmi işlərində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təhsil sisteminin rolu” mövzusunda məruzə edərək, son 10 ildə BMA-da türk tədqiqatçıların müdafiə etdikləri dissertasiya işlərinin adlarını sadalayıb.
Elmi işlərdə türk xalq və vokal musiqi janrlarına daha çox diqqət ayrıldığı vurğulanıb.
Tədbirdə professor Cəmilə Həsənovanın “Üzeyir Hacıbəylinin türkçülük ideyalarına münasibəti”, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dissertantı Gülnar Verdiyevanın “Özbək Şaşmakomu və Azərbaycan muğamı – müqayisəli tədqiqat prizmasında” mövzusunda məruzələri də dinlənilib.