SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi yaxın vaxtlarda əhatə dairəsini və “ASAN xidmət” (Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi) vasitəsi ilə abonentlərə göstərilən xidmətlərin spektrini genişləndirəcək. Bu barədə birliyin məlumatında deyilir.
Bundan sonra mexaniki sayğacların smart tipli sayğaclarla əvəz olunması səbəbindən yeni smart kartların verilməsi, smart tipli sayğacın digər smart tipli sayğacla əvəz olunması səbəbindən yeni smart kartların verilməsi, yeni qazlaşma nəticəsində quraşdırılmış smart tipli sayğac kartlarının verilməsi, eləcə də səbəbindən asılı olmayaraq istənilən ödəniş provayderi vasitəsi ilə həyata keçirilmiş qüsurlu ödənişin bərpa edilməsi kimi xidmətlər də “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.
“Xidmətlərin əhatə dairəsi genişləndikdən və yeni növ xidmətlərin tətbiqindən sonra Bakı şəhərindəki Qaz istismar sahələri tərəfindən bu xidmətlərin göstərilməsi dayandırılacaq”,- deyə məlumatda bildirilir.
İstehlakçılarla münasibətlərin təkmilləşdirlməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Bakı şəhərində “Azəriqaz” İB-nin ayrıca fəaliyyət göstərən Müştəri xidmətləri ofisinin açılması da planlaşdırılır.
Xəbər verildiyi kimi, “Azəriqaz” İB fevral ayından başlayaraq abonentlərə yaşadığı ərazidən asılı olmayaraq, 1 saylı Bakı “ASAN xidmət” mərkəzində dərhal yerinə yetirilməsi nəzərdə tutulan beş növ xidmət göstərilməsinə başlayıb.
Həmin xidmətlərə itirilmiş smart kartın bərpası, artıq qeydiyyatda olan və yerli Qaz İstismar Sahəsində təsdiq olunmuş məcburi köçkün abonentlərinin limitlərinin verilməsi, saldoların çap olunması və borc haqqında məlumatın verilməsi, smart tipli sayğaclardan istifadə edən abonentlərin şəxsi məlumatlarında dəyişikliklərin edilməsi və smart tipli sayğacların istismarı ilə bağlı məlumatın verilməsi daxildir.
Bütün xidmətlər yalnız “İTRON-SOCAR” sayğaclarından istifadə edən abonentlər üçün nəzərdə tutulur.
Gələcəkdə “Azəriqaz” İB-nin xidmətləri Bakı şəhərində yerləşən 2 və 4 saylı, eləcə də Gəncə və Sumqayıt şəhərlərində yerləşən “ASAN xidmət” mərkəzlərini əhatə edəcək.