Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Türkiyənin Kənd Təsərrüfatı və Qida Konfederasiyası ilə “Avrasiya Kənd Təsərrüfatı Şurası” beynəlxalq təşkilatının yaradılmasını nəzərdə tutan müqavilə imzalayıb. Bu barədə ASK-nın məlumatında bildirilir.
Sənədi ASK-nın prezidenti Məmməd Musayev və Türkiyənin Kənd Təsərrüfatı və Qida Konfederasiyasının sədri Hakan Yüksel imzalayıblar. Təşkilatda hər iki tərəfədən bir həmsədr olacaq.
Təşkilat kənd təsərrüfatı, qida istehsalı, ətraf mühit və iqtisadiyyatın digər müvafiq sahələri üzrə birgə fəaliyyətini Avrasiya dövlətlərində genişləndirmək məqsədilə yaradılır.
Müqavilədə hər iki ölkənin iş adamlarının müntəzəm forumlarda iştirakının təşkil edilməsi, əməkdaşlıq imkanlarının öyrənilməsi və reallaşdırılması nəzərdə tutulur.
Müqavilə çərçivəsində tərəflər, həmçinin iki ölkənin iş adamlarının keçirilən konfrans, sərgi, yarmarka, biznes forumlarda iştirakının təmin edilməsi, tərəflərin işgüzar nümayəndə heyətinin göndərilməsi sahəsində əməkdaşlıqda kömək edəcəklər.
ASK 1999-cu ilin mart ayında yaradılıb. Hazırda 5 mindən çox şirkət və 50 müxtəlif sahibkarlar birliyi ASK-nın üzvüdür.