Hesablama Palatası 2009-2013-cü illərdə Nazirlər Kabinetinə normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı 100-dən artıq təklif təqdim edib. Bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov cümə günü Milli Məclisdə Palatanın ötən il ərzində fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı bildirib.
“Yoxlamalarımız normativ-hüquqi bazanın təkmilləşdirilməsinin zəruriliyini göstərir. Bununla yanaşı, bir sıra normativ-hüquqi aktlar qəbul etmək lazımdır”, - deyə V.Gülməmmədov bəyan edib.
Onun sözlərinə görə, 2013-cü ildə Hesablama Palatası Nazirlər Kabinetinə normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı 15 təklif göndərib. “Ümumilikdə son beş il ərzində Palata bu istiqamətdə hökumətə 100-dən artıq təklif təqdim edib”, - deyə o əlavə edib.
V.Gülməmmədov vurğulayıb ki, Hesablama Palatası pozuntulara yol verən şəxslərin cəzalandırılması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinin tərəfdarıdır.