2014-cü ilin I rübündə Azərbaycanın dövlət büdcəsinə vergi borcları 6,7% azalıb. Bu barədə Vergilər Nazirliyinin məlumatında qeyd olunur.
2013-cü il aprelin 1-nə olan göstərici ilə müqayisədə vergi borcları 15% azalıb.
1 aprel 2014-cü il tarixinə Azərbaycanda vergi ödəyicilərinin 4,5%-nin vergi borcu var.
Nazirliyin məlumatına görə, 2014-cü ilin yanvar-mart aylarında 49,956 min vergi ödəyicisi vergi borclarını (cari vergi borcu daxil olmaqla) tamamilə ödəyib.
Məlumatda qeyd edilir ki, cari ilin I rübündə vergi orqanları 14,208 min vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar qəbul edib. Borcluların əmlakının siyahıya alınması hesabat dövründə 9 mln. manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsini təmin edib.
Nazirliyin məlumatına əsasən, fiziki şəxslərin borclarının onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi prosesi hesabat dövründə də davam etdirilib. Hesabat dövründə görülmüş tədbirlər nəticəsində bu cür nəqliyyat vasitələri müəyyən edilən 601 vergi ödəyicisinin 541,3 min manat məbləğində borcunun dövlət büdcəsinə alınması təmin edilib. Bundan başqa, 13 vergi ödəyicisinin nəqliyyat vasitələri siyahıya alınıb, 134 vergi ödəyicisi tərəfindən nəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün üzərlərinə həbs qoyulub.
Hesabat dövründə səhmdar cəmiyyətlərdə səhmdar (payçı) kimi çıxış edən 370 fiziki şəxsdən 99,3 min manat məbləğində borcun dövlət büdcəsinə ödənilməsi təmin edilib.