SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Heydər Əliyev adına Bakı neft emalı zavodunun neftin ilkin emalı üzrə 21 nömrəli ED-AVQ-6 qurğusu əsaslı təmirə saxlanılıb. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
Təmir işlərinə qurğunun vakuum kolonunun bütün quruluşunun dəyişdirilməsi və mövcud vakuumyaratma sisteminin yenidən qurulması daxildir.
Təmir zamanı qurğunun K-2 atmosfer kolonu yoxlanılacaq, forsunkalar, sobaların çıxış və nəqliyyat xətləri yeniləri ilə əvəz olunacaq.
Vakuum bölməsində neftin ilkin emalı üzrə qurğuda təmir işləri 30 gün, atmosfer bölməsində 21 gün davam edəcək.
Azərbaycanda iki neft emalı zavodu - “Azərneftyağ” və Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. Onların ümumi emal gücü ildə 22 mln. ton təşkil edir. Hər iki zavod SOCAR-ın strukturuna daxildir.