Bazar ertəsi Bakıda Azərbaycan dövlətinin gender siyasətində ixtisasartırma üzrə qısamüddətli kurslar başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir.
Kurslar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutu, İdarəçilik Kadrlarının Tədris Mərkəzi tərəfindən təşkil edilib.
Kursun ilk dinləmələrində Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov davamlı insan inkişafı sahəsində planlaşdırma və idarəçilik mövzusunda çıxış edib.
“Azərbaycan çox sürətli templərlə inkişaf edir. Bu inkişaf zamanı böyük önəm verilən əsas istiqamətlərdən biri gender siyasətidir”, - deyə rektor bildirib.
U.Ələkbərovun sözlərinə görə, sağlamlıq, bilik və təhsilə əsaslanan bacarıqlar, iqtisadi göstəricilər gender siyasətinə təsir edən amillərdir.
Bundan başqa, akademik savadla reallaşdırılan gender siyasətinin nə dərəcədə mühüm olmasına dair bir neçə misal çəkib.
U.Ələkbərov kursların iştirakçılarına son illər ərzində Azərbaycanın əldə etdiyi nailiyyətlər, həmçinin Dövlət İdarəçilik Akademiyasının uğurları barədə məlumat verib.
Kurslar aprelin 25-dək davam edəcək. İnsan alveri, qadın və uşaq sağlamlığı problemləri, ailə problemlərinin həllində ictimaiyyətin rolu, reproduktiv sağlamlıq və planlaşdırma mexanizmi, problemlərin həllində ictimaiyyət və KİV-in rolu, qanunsuz nikahlar, nikahın pozulması və bunun nəticələri müzakirə olunacaq.
Kurslarda Bakının və ölkə rayonlarının İcra hakimiyyətlərinin nümayəndələri iştirak edirlər.