Azərbaycanın “Eurovision-2014” təmsilçisi Dilarə Kazımovanın promo-tur çərçivəsində səfər edəcəyi növbəti ölkə Gürcüstan olacaq. Bu barədə İctimai Televiziya məlumat verir.
D.Kazımova aprelin 22-də Gürcüstana səfər edəcək. Gürcüstanda olduğu müddətdə o, bir neçə telekanalın qonağı olacaq və yerli KİV-lərin nümayəndələri ilə görüşəcək. D.Kazımova əvvəlcə Tiflisdə ölkənin aparıcı GPB telekanalında səhər şousunda çıxış edəcək, daha sonra radiostansiya, qəzet və jurnalların müxbirləri ilə görüşəcək.
Bundan başqa, onun Gürcüstan təmsilçisi Mariko Ebralidze ilə görüşü və birgə müsahibəsi planlaşdırılıb. M.Ebralidze Kopenhagendə «The Shin» qrupu ilə çıxış edəcək
D.Kazımova aprelin 25-də Maltaya yola düşəcək. Bu, onun promo-tur çərçivəsində səyahət edəcəyi son ölkə olacaq.
D.Kazımova mayın 6-da Kopenhagendə “Eurovision-2014” mahnı müsabiqəsinin I yarımfinalında 8-ci nömrə altında «Start a Fire” mahnısı ilə çıxış edəcək.