Naxçıvan Muxtar Respublikasında kardiologiya və ürək-damar cərrahiyyəsi məsələlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Elmi forumun keçirilməsində məqsəd yüksək səviyyəli mütəxəssislər arasında ürək-damar xəstəliklərinin müalicəsində bilik və təcübə mübadiləsi aparmaq, bu xəstəliklərin müalicə və diaqnostikası üzrə dünyada tətbiq edilən metodları yerli həkimlərin diqqətinə çatdırmaqdır”,- deyə Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-Damar Xəstəlikləri Mərkəzinin rəhbəri Rəşad Mahmudov bildirib.
Onun sözlərinə görə, konfrans çərçivəsində Naxçıvan Müalicə Diaqnostika Mərkəzində mürəkkəb açıq ürək əməliyyatlarının keçirilməsi nəzərdə tutulub.
“Belə mürəkkəb cərrahiyyə əməliyyatlarının keçirilməsi Naxçıvanda, eləcə də Azərbaycanda səhiyyənin inkişaf etdiyini göstərir. Bu dəfə biz Naxçıvan Müalicə Diaqnostika Mərkəzində 20-yə yaxın ürək əməliyyatı keçirməyi planlaşdırırıq”, - deyə kardiocərrah qeyd edib.
“İnkişaf etmiş müasir rəqəmsal texnologiyalar şəraitində bir ölkədə həkimlərin əldə etdikləri uğurlar qısa müddətdə başqa ölkələrin həkimləri üçün də açıq olur. Biz ürək-damar xəstəliklərinin müalicəsində əldə etdiyimiz təcrübəni daim azərbaycanlı həmkarlarımızla bölüşür, eləcə də elmi forumlar keçiririk ki, belə tədbirlərdə kardiologiya və cərrahiyyədə istifadə olunan yeni metodlar ətraflı nəzərdən keçirilir”, - deyə İzmir Şifa Universiteti nəzdində fəaliyyət göstərən xəstəxananın kardiocərrahı Faiq Fevzi Okur qeyd edib.
Elmi forumda yüksək ixtisaslı həkimlərin ürək-damar xəstəliklərinin diaqnostikası və müalicəsi sahəsində yeni nailliyyətlərə həsr olunmuş 14 məruzəsi dinlənilib.
Konfrans Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası və İzmir Şifa Universiteti tərəfindən təşkil olunub.