Bu gün Milli Məclisdə qadınların yerli özünüidarəetmə orqanlarında iştirakının gücləndirilməsi məqsədi ilə gender bərabərliyinin təmin edilməsinə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dayaq” Azərbaycan bələdiyyələrində təmsil olunan qadın üzvlər üçün mentorluq proqramı çərçivəsində tədbir keçirilib.
“Qadınların Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakının təmin edilməsi dövlətin həyata keçirdiyi gender siyasətinin tərkib hissəsidir”, - deyə komitənin sədri Hicran Hüseynova bildirib.
Onun sözlərinə görə, cəmiyyətin inkişafında gender elementinin əhəmiyyəti böyükdür.
“Son illər Azərbaycanda müşahidə olunan uğurlu sosial-iqtisadi inkişaf qadınların cəmiyyətin həyatında fəal iştirakına və onların vacib dövlət qurumlarında geniş təmsil olunmasına kömək edir”, - deyə H.Hüseynova qeyd edib.
Sədr bildirib ki, ölkə rəhbərliyinin həyata keçirdiyi gender siyasəti nəticəsində qadınların ictimai proseslərdə daha fəal iştirakı üçün geniş imkanlar yaranıb.
“Əgər 1990-cı ildə qadın deputatların ölkə parlamentində xüsusi çəkisi 4,3%, 2010-cu ildə 10,7% təşkil edirdisə, bu gün onların sayı Milli Məclisin bütün deputatlarının 16%-nə bərabərdir”, - deyə H.Hüseynova vurğulayıb.
Onun sözlərinə görə, son illər ərzində ölkə bələdiyyələrində təmsil olıunan qadınların da sayı beş dəfə artıb.
“Bu gün bələdiyyələrdə 4194 qadın işləyir ki, bu da ölkənin yerli özünüidarəetmə orqanlarında çalışanların 26,7%-i deməkdir”, - deyə o qeyd edib.
H.Hüseynova rayon və kənd yerlərində qadınların fəallığınının artırılmasının əsas məsələlərdən biri olduğunu söyləyib.
O deyib ki, “Dayaq” mentorluq proqramı çərçivəsində bir sıra regionlarda rayon və kənd yerlərində qadınların kiçik və orta biznes qurmalarına yardım göstərmək məqsədi ilə pilot layihələr həyata keçirilib.
“Qadınlar bu məsələlərə çox diqqət və ehtiyatla yanaşırlar, kredit götürməkdən ehtiyat edirlər, həyata keçirilən pilot layihələr çərçivəsində onlara texniki dəstək göstərilir, qadınlar tərəfindən reallaşdırılan kiçik və orta biznesin inkişafına yerli bələdiyyə və icra hakimiyyəti orqanlarının köməklik göstərməsi üçün treninqlər keçirilir”,- deyə komitə sədri qeyd edib.
Tədbirdə, həmçinin Milli Məclisin sədr müavini Bahar Muradova, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) fəaliyyəti barədə məlumat verən Cənubi Qafqazda Yerli Özünüidarəetmə Proqramının Azərbaycan üzrə qrup rəhbəri Katarina Lampe, “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda" İctimai Birliyinin sədri və GIZ-nin yerli əlaqələndiricisi Lüdmila Xəlilova və başqaları iştirak ediblər.