Bazar ertəsi Qazaxıstanın müdafiə naziri Serik Axmetov azərbaycanlı həmkarı Zakir Həsənovla görüşüb.
Qazaxıstan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın gələcəkdə möhkəmlənməsi məsələləri müzakirə olunub. S.Axmetov müdafiə sahəsində ikitərəfli əməkdaşlığın möhkəmlənməsinin zəruriliyini qeyd edib. “Bu, yalnız iki ölkənin daxilində deyil, həm də regionda sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə imkan yaradacaq”, - deyə məlumatda nazirə istinadən bildirilir.
O, azərbaycanlı həmkarını 22-25 may tarixlərində Astanada keçiriləcək “KADEKS-2014” 3-cü Beynəlxalq silah və hərbi-texniki əmlak sərgisində iştiraka, eləcə də Qazaxıstana rəsmi səfərə dəvət edib.
“Azərbaycanın müdafiə naziri, öz növbəsində hərbi-texniki sahədə əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edib və vurğulayıb ki, “onun möhkəmlənməsi və genişlənməsi üçün hər cür şərait yaradılıb”, - deyə Müdafiə Nazirliyinin məlumatında qeyd edilir.