Azərbaycan Sənaye İnkişaf Təşkilatı (UNİDO) ilə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında qeyd olunur.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk ilə görüşündə əməkdaşlıq məsələləri müzakirə olunub.
Ş.Mustafayev vurğulayıb ki, 2014-cü il Azərbaycanda "Sənaye ili" elan edilib və respublika müvafiq tədbirlər çərçivəsində UNİDO ilə əməkdşlıq edə bilər.
Bundan başqa, nazir İnkişafa Yardım üzrə Çərçivə Sənədi çərçivəsində 2016-2020-ci illəri əhatə edən növbəti UNDAF-ın hazırlanması üçün rəhbər komitənin təsis edilməsinin, işçi qruplarının yaradılmasının və seminarın keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Onun sözlərinə görə, UNDAF-ın prioritetlərinin "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının hədəfləri ilə uzlaşdırılması respublikaya dəstək olacaq.