Kamboca 2015-ci ildə Azərbaycanla qarşılıqlı ticarət dövriyyəsini $100 mln.-a qədər artırmaq niyyətindədir. Bu barədə Kamboca Krallığının ticarət naziri və İnkişaf Şurasının sədr müavini San Santhol çərşənbə axşamı Bakıda keçirilən Azərbaycan-Kamboca biznes forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 2012-ci ildə Kamboca Azərbaycana $0,5 mln. məbləğində məhsul ixracı, $7,7 mln. məbləğində isə məhsul idxalı həyata keçirib. 2013-cü ildə Kambocadan Azərbaycana ixrac həyata keçirilməyib, Azərbaycandan idxalın həcmi isə $3,2 mln. təşkil edib.
S.Santhol qeyd edib ki, iki ölkə arasında ticarət əlaqələri böyük potensiala malikdir. Qarşılıqlı investisiyaların və ixracın təşviqi üçün o, Azərbaycana ticari-iqtisadi əməkdaşlıq üzrə birgə komissiya yaratmağı təklif edib.
Biznes forumda çıxış edən Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev iki ölkənin ticari-iqtisadi əməkdaşlığı üçün imkanların olduğunu vurğulayıb.
Onun sözlərinə görə, biznes forumda 40-a yaxın Azərbaycan şirkətinin nümayəndələrinin iştirakı ölkə biznesinin Kambocaya yüksək marağının olmasını göstərir.