Kamboca Azərbaycan investorlarını ölkədə neft və qaz hasilatı sahəsində əməkdaşlığa dəvət edir. Bu barədə jurnalistlərə Kamboca Krallığının ticarət naziri və İnkişaf Şurasının sədr müavini San Santhol məlumat verib.
“Kamboca neft və qaz ehtiyatlarına malikdir, lakin onlar tədqiq olunmayıb və həcmi barədə dəqiq məlumatımız yoxdur. Azərbaycanın neft-qaz sənayesi çox inkişaf etdiyi üçün bu istiqamətdə əməkdaşlıq bizim üçün böyük maraq kəsb edir”, - deyə S.Santhol bəyan edib.
Onun sözlərinə görə, aqrar sahəyə, konkret olaraq Kambocada düyü istehsalına investisiya qoyuluşları perspektivlidir. Nazir qeyd edib ki, bu gün ölkəsi ildə 9 mln. ton düyü istehsal edir. Əlavə investisiyalar bu həcmi artırmağa və onların Avropaya ixracını təşkil etməyə kömək edə bilər.
Əməkdaşlığın perspektiv istiqamətləri barədə söz açan S.Santhol, həmçinin nəqliyyat və logistika sahələrini vurğulayıb.