Çərşənbə axşamı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun iştirakı ilə Sədərək rayonunda yeni nasos stansiyası istifadəyə verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Ölkəmizdə kənd təsərrüfatının inkişafına xüsusi diqqət göstərilir. Ölkə prezidentinin imzaladığı fərman və sərəncamlar, qəbul edilən dövlət proqramları bu sahənin inkişafına təkan verib, kənd təsərrüfatı məhsullarının istehsalı artıb. Bu gün Azərbaycanda ərzaq təhlükəsizliyi təmin olunub, istehsal olunan kənd təsərrüfatı məhsulları tələbatı ödəməklə yanaşı, həm də ixrac potensialı yaranıb”, - deyə V.Talıbov açılış mərasimində çıxışında bildirib. Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafı istiqamətində də ardıcıl tədbirlər görülüb, kənd təsərrüfatı məhsullarının istehsalı artıb, ərzaq təhlükəsizliyi təmin edilib.
“Sədərək rayonunda nasos stansiyasının tikilməsi və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması da bu sahədə görülən işlərin davamıdır. Azərbaycan Respublikası ilə İslam İnkişaf Bankı arasında imzalanmış müqaviləyə əsasən, layihənin icrasına 5 mln. manata yaxın kredit ayrılıb. Layihədə nəzərdə tutulan tədbirlər keyfiyyətlə və qısa müddətdə başa çatdırılıb, yeni nasos stansiyası tikilib. Bu da Sədərək rayonunda əkinəyararlı torpaqların 40%-nin dayanıqlı suvarma suyu ilə təmin olunmasına imkan verəcək. Eyni zamanda yeni nasos stansiyası hesabına uzun müddət əkilməyən 1500 hektar torpaq sahəsi yenidən əkin dövriyyəsinə qatılıb. Görülən bu işlər kənd təsərrüfatının inkişafına, məhsul istehsalının artmasına və əhalinin məşğulluğunun təmin olunmasına imkan verəcək”, - deyə Ali Məclisin sədri vurğulayıb. O bildirib ki, muxtar respublikanın suvarma sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən layihələr kənd təsərrüfatı işçiləri qarşısında yeni vəzifələr qoyur.
“Sədərək rayonunda yeni əkin dövriyyəsinə qatılan torpaq sahələrindən səmərəli istifadə olunmalı, özəl, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların əkilməsi diqqət mərkəzində saxlanılmalıdır. Bunun üçün rayonda hər cür şərait yaradılıb, aqrolizinq xidməti təşkil edilib”, - deyə V.Talıbov qeyd edib.
Ali Məclisin sədri torpaq mülkiyyətçilərinin yaradılan şəraitdən səmərəli istifadə edəcəklərinə, muxtar respublika iqtisadiyyatının inkişafına öz töhfələrini verəcəklərinə əminliyini bildirib.
Nasos stansiyasında 3 nasos quraşdırılıb. Hər birinin gücü 550 kilovatsaat olan nasosların su sərfi saatda 1800 kubmetrdir. Nasos stansiyasını elektrik enerjisi ilə təmin etmək üçün ərazidə 2 min kilovat gücündə transformator quraşdırılıb, 3700 metr uzunluğunda elektrik xətti çəkilib. Layihə üzrə tikinti işləri aparılarkən 8 kilometrə yaxın müxtəlif diametrli metal boru xətti, 7 kilometrdən artıq beton və 100 kilometrə yaxın torpaq kanal çəkilib.