Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Şəmkirdə olub və burada sakinlərin müraciətlərini dinləyib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Əsas məsələlər qəbul imtahanları öncəsi test sınaq imtahanlarının sayının artırılması, çağırış yaşı çatan gənclərə möhlət hüququnun verilməsi və imtahan sualları ilə bağlı olub. Möhlət hüququ yalnız səhhəti və ailə vəziyyətinə görə verilə bilər”, – deyə M.Abbaszadə bəyan edib.
TQDK sədri bu il qəbul imtahanlarına daxil ediləcək yeniliklər barədə məlumat verib.
“Əvvəlki illərin məzunları ilə bu ilin məzunlarının imtahanları müxtəlif günlərdə aparılacaq. Bu isə cari ilin məzunlarının daha çox yaşadıqları yerdə imtahan verməsinə imkan yaradacaq”, - deyə o bildirib.
TQDK sədrinin qəbulunda Şəmkir, Qazax, Tovuz, Ağstafa və Gədəbəydən 80 nəfər vətəndaş iştirak edib.