Prezident İlham Əliyev çərşənbə axşamı xanəndəlik sənətinin görkəmli nümayəndəsi Keçəçioğlu Məhəmmədin (Məhəmməd Məşədi Xəlil oğlunun) 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Milli Konservatoriyasının təkliflərini nəzərə almaqla, Keçəçioğlu Məhəmmədin 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməyi tapşırılıb.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Qarabağ muğam məktəbinə mənsub ən böyük sənətkarlar sırasında mühüm yer tutan Keçəçioğlu Məhəmməd milli musiqinin qədim tarixi köklərə malik zəngin ənənələrini layiqincə yaşatmış, xüsusən klassik muğamların bənzərsiz və unudulmaz ifaçısı kimi Azərbaycanın çoxəsrlik mədəniyyəti xəzinəsinə qiymətli töhfələr vermişdir.