Cümə axşamı Avropa İttifaqi, Ukrayna, Rusiya və Slovakiya nümayəndələrinin iştirakı ilə qaz tədarükünə dair dördtərəfli danışıqlar aparıla bilər. Bu barədə energetika və kömür sənayesi naziri Yuri Prodan məlumat verib.
“Rusiya və Avropa Komissiyası tərəfindən dörd və ya üçtərəfli görüş keçirmək təklifi irəli sürülüb. Bu gün Avropa komissarı, Slovakiya, Rusiya nazirləri və mənim iştirakımla Bratislavada görüşün keçirilməsi məsələsinə baxılır”, - deyə o, çərşənbə günü Kiyevdə jurnalistlərə bildirib.
Nazir dəqiqləşdirib ki, belə görüş cümə axşamı keçirilə bilər, lakin hələlik təsdiq olunmayıb.
Y.Prodan xatırladıb ki, Ukrayna tərəfi almağa hazır olduğu qazın qiymətinə dair təkliflərini Rusiya Federasiyasına göndərib. Lakin hələ ki, cavab alınmayıb.