SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi və “Məişət Maye Qaz” QSC Azərbaycanda qazdoldurma stansiyalarının (QDM) tikintisi layihəsinin reallaşdırılması məqsədilə birgə müəssisə təsis edib. Bu barədə çərşənbə günü jurnalistlərə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov məlumat verib.
“Hazırda bu məsələnin həlli ilə məşğul olacaq birgə müəssisənin formalaşdırılması prosesi gedir. Biz QDM-də maye qazın satışı təcrübəsini artıq Gürcüstanda həyata keçirmişik və alıcıların avtomobillər üçün maye qazdan istifadəsi iqtisadi nöqteyi-nəzərdən sərfəlidir”, - deyə S.Qasımov “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavabında qeyd edib.
Onun sözlərinə görə, ictimai nəqliyyatda sərnişinlərin daşınması üçün benzin əvəzinə daha ucuz yanacaqdan istifadə həm sərnişinlər, həm də daşıyıcı şirkətlərə çox sərfəli olacaq.
O qeyd edib ki, QDM ilə yanaşı, maye qaz satışı müvafiq şərait olarsa, Azərbaycanda mövcud olan YDM-də də təşkil oluna bilər.
Hazırda SOCAR-ın Azərbaycanda yalnız YDM şəbəkəsi fəaliyyət göstərir