Azərbaycan prezidenti İlham Əliyev İspaniyaya səfərə dəvət olunub. Bu barədə dövlət başçısnın saytında məlumat verilir.
Çərşənbə günü İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsia-Marqalyo İspaniyanın baş naziri Mariano Raxoy Breyin Azərbaycan prezidentinin İspaniyaya səfərə dəvəti ilə bağlı məktubunu İ.Əliyevə təqdim edib.
Dövlət başçısı görüş zamanı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, mədəni və digər sahələrdə inkişaf etdirilməsi üçün qarşılıqlı marağın olmasının önəmini qeyd edib .
Həmin gün prezident Niderland Krallığı Senatının üzvü Rene Van der Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurlu inkişafı məmnunluqla qeyd olunub, nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığımızın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edilib.