Aprelin 28-29-da Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumunda mürəkkəb situasiyalarda münaqişələrin həlli yolları müzakirə olunacaq. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Sessiyalardan birində məruzəçilər münaqişələrin həlli və sosial inteqrasiya sahəsində təcrübə və biliklərini bölüşərək inteqrasiya və açıqlılığın mövcud problemlərin aradan qaldırılmasında faydalı ola biləcək əsas prinsipləri barədə danışacaqlar.
Debatlar zamanı Dağlıq Qarabağ münaqişəsi, onun həlli yollarına xüsusi diqqət ayrılacaq, məruzəçilər bu məsələ ətrafında geniş fikir mübadiləsi aparacaqlar.
II Qlobal Forum 2013-cü il 6-8 may tarixlərində Bakıda keçirilmiş I Cənubi Qafqaz forumunun davamıdır.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı, Dünya Elmlər və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində keçiriləcək forumda 54 ölkədən 150-dən çox tanınmış ictimai və siyasi xadim iştirak edəcək.
2015-ci il və ondan sonrakı mərhələdə dünyanın davamlı inkişafı proqramına həsr olunan foruma 45 ölkənin sabiq dövlət və hökumət başçıları dəvət olunub.