Azərbaycan və Niderland “İnvestisiyaların qarşılıqlı müdafiəsi və təşviqi haqqında” saziş üzərində işi başa çatdırmaq üzrədir. Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev çərşənbə günü Bakıda keçirilən Azərbaycan-Niderland biznes forumunda bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında siyasi münasibətlər uğurla inkişaf edir, bu isə iqtisadi əməkdaşlığın genişlənməsinə əsas yaradır.
Belə ki, 2013-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 24% artıb, 2014-cü ilin birinci rübündə də qarşılıqlı ticarətin artımı 24% təşkil edib.
Ş.Mustafayevin sözlərinə görə, Azərbaycanda əsasən maliyyə, tikinti, sənaye, ekologiya, kənd təsərrüfatı və xidmət sahələrində təmsil olunan 108 Niderland şirkəti fəaliyyət göstərir.
Nazir qeyd edib ki, Niderland Azərbaycanın qeyri-neft sektoruna ən iri investorlardan biridir – investisiyalar $670 mln. təşkil edib, bu isə Azərbaycanda dördüncü göstəricidir.
Ş.Mustafayev, həmçinin iki ölkə arasında iqtisadiyyatın perspektiv sahələri barədə məlumat verib. Onların sırasında nazir infrastruktur layihələrini, səhiyyə, turizm, informasiya texnologiyaları və ekologiya sahələrini qeyd edib.
Xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru Hafiz Paşayev çıxışında ADA-nın Maastrixt Menecment Məktəbi ilə əməkdaşlığı barədə məlumat verərək bu əməkdaşlığın gələcəkdə də davam edəcəyini qeyd edib.
Forumda çıxış edən Niderland parlamentinin senatoru Rene Van Linden Azərbaycanın mühüm iqtisadi uğurlarını qeyd edib və iki ölkə arasında iqtisadi münasibətlərin böyük potensialının olduğunu vurğulayıb.