Dövlət Sosial Müdafiə Fondu (DSMF) göstərilən xidmətin səmərəliliyinin artırılması üçün elektron xidmətlərin genişləndirilməsi işinə start verir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Növbəti aydan etibarən DSMF daha 5 elektron xidməti əhalinin istifadəsinə verəcək”, - deyə Gəncədə vətəndaşların qəbulunu keçirən DSMF sədri Elman Mehdiyev bildirib.
Onun sözlərinə görə, bu xidmət paketi sosial sığorta vəsaitləri hesabına ödənilən bütün müavinətlərin ödənilməsinin avtomatlaşdırılmasını nəzərdə tutur.
“Bunlar əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə verilən müavinətlər, uşağın anadan olmasına görə anaya verilən, eləcə də uşağa qulluğa görə verilən 3 növ müavinət və dəfn müavinətidir”, – deyə DSMF sədri qeyd edib.
E.Mehdiyevin sözlərinə görə, atılan bu addım şəffaflığın təmin edilməsinə və vətəndaşların rahatlığına hesablanıb.
“Müraciətlər sosial sığorta stajının müəyyən olunması, pensiya məbləğinin yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılan iş stajının nəzərə alınması və s. ilə bağlı olub”, – deyə o qeyd edib.
Dövlət Sosial Müdafiə Fondunun sədrinə Gəncə və Naftalan, Yevlax, Samux, Göygöl, Goranboy, Xocalı, Daşkəsən və Kəlbəcərdən 35-dək sakin müraciət edib.